15/01/2021

İnformasiya Portalı

Şirin Məlikova: “Tarixi-mədəni abidələrimizə qarşı münasibətdə erməni vandalizmini dünyaya obyektiv şəkildə çatdırmaq üçün durmadan çalışırıq”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada ordumuzun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması ilə başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük şücaət göstərərək, canı-qanı bahasına ərazi bütövlüyümüzü bərpa etdi.

Tariximizə qızı hərflərlə yazılan 44 günlük Vətən müharibəsi dövründə Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi də ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışını rəhbər tutaraq informasiya cəbhəsində aktiv mübarizəyə başladı və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Bu barədə ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova ətraflı məlumat verib. Onun sözlərinə görə, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış torpaqlarımızdakı  mədəniyyət abidələri, muzeylər və muzey kolleksiyaları ilə bağlı obyektiv məlumatları, bu tarixi-mədəni abidələrimizə qarşı münasibətdə erməni vandalizmini dünyaya obyektiv şəkildə çatdırmaq üçün durmadan çalışırlar: “Biz beynəlxalq təşkilatlara müraciət edərək uzun illər Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan tərəfindən təkcə torpaqlarımızın deyil, həm də mədəni irsimizin, memarlıq abidələrimizin mənimsənildiyini və qəsdən məhv edildiyini, onların tarixi faktları saxtalaşdırdığını, yalan məlumatlar yaydıqlarını, muzey eksponatlarının qanunsuz ixracı ilə məşğul olduqlarını və s. bu kimi həqiqətləri çatdırırıq. Bunun üçün ICOM Azərbaycan Milli Komitəsi tərəfindən mövcud olan bütün faktlar toplanır, sonra onlar haqqında hesabatlar hazırlanır və müvafiq strukturlara məktublar göndərilir”.
Şirin xanım ikinci Qarabağ müharibəsi başlanandan indiyədək komitənin mədəni irsin qorunması ilə bağlı dörd bəyanat yaydığını vurğulayıb: “1 oktyabr 2020-ci il tarixli ilk bəyanatda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yüzlərlə mədəniyyət müəssisəsinin erməni vandalizminin qurbanına çevrilməsi haqqında məlumat verilib və bu vəhşi təcavüzə son qoyulması üçün dünya ölkələrinə çağırış edilib”. O, bu bəyanatın ICOM-un rəhbərliyinə, onun milli və beynəlxalq komitələrinə və  regional alyanslarına göndərildiyini, ICOM Azərbaycan Milli Komitəsinin rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində paylaşıldığını bildirib. Bəyanatın həmçinin Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun göstərişi ilə ölkəmizin xaricdəki səfirliklərinə göndərildiyini, onların vasitəsilə həmin dövlətlərin mədəniyyət nazirliklərinə və digər aidiyyəti qurumlarına çatdırıldığını vurğulayıb.

Komitə sədri müharibə dövründə Ermənistan silahlı qüvvələrinin döyüş zonasından xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni atəşə tutması nəticəsində tarixi-mədəni əhəmiyyətli obyektlərin zərər çəkdiyini diqqətə çatdırıb. Şirin xanım 13 oktyabr tarixli bəyanatda bu obyektlərin siyahısının təqdim olunduğunu, eyni zamanda, erməni silahlı birləşmələrinin terror aktlarını qınaması üçün Birləşmiş Millətlər Təşkilatı başda olmaqla müvafiq qurumlara çağırış edildiyini deyib.

O, ermənilərin Ağdam rayonu yaxınlığındakı XVIII əsrə aid Şahbulaq qalasında qeyri-qanuni qazıntılar apararaq “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərini pozduğunu, tapılmış arxeoloji materialların qanunsuz olaraq Ermənistana aparıldığını diqqətə çatdırıb.

Qeyd edib ki, bütün bu faktların yer aldığı 16 noyabr tarixli növbəti bəyanatda beynəlxalq təşkilatlardan, xüsusilə UNESCO və ICOM-dan sözügedən mədəni sərvətlərin qanunsuz daşınmasına hüquqi qiymət vermələri xahiş olunub.
Şirin Məlikova Nyu-Yorkdakı Metropoliten Muzeyinin rəhbərliyinin 17 noyabr 2020-ci il tarixində erməni mədəni irs obyektləri ilə bağlı bəyanatında qeyri-obyektiv, qərəzli mövqe sərgiləməsindən təəssüfləndiyini də vurğulayıb: “Milli Komitə buna etiraz olaraq 20 noyabr tarixli son bəyanatında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycana məxsus dağıdılmış və ciddi xəsarət almış  milli, tarixi-mədəni abidələrin siyahısını təqdim etdi və onlara birtərəfli, qərəzli mövqelərindən imtina üçün müraciət ünvanladı”.

Ş.Məlikova bir sıra ölkələrin ICOM milli və beynəlxalq komitələrinin bu bəyanatlara öz münasibətlərini bildirməsini müsbət hal kimi diqqətə çatdırdı: “ICOM Bosniya və Herseqovina, ICOM Türkiyə, ICOM Amerika, ICOM Peru və ICOM Etnoqrafiya muzeyləri üzrə Beynəlxalq Komitəsi ICOM Azərbaycan Milli Komitəsinə dəstək olaraq həmin bəyanatları öz sosial media səhifələrində paylaşıb. Bununla yanaşı, ICOM Monqolustan və ICOM Peru milli komitələri bəyanatla bağlı ICOM Azərbaycan Milli Komitəsinə dəstək məktubu göndərib. ICOM Peru Milli Komitəsi məktubunda dəhşət doğuran və arası kəsilməyən erməni təcavüzünün ümumdünya qınağına layiq olduğuna inandığını bildirib və beynəlxalq təşkilatları da bu məsələyə müdaxilə etməyə çağırıb. Eyni zamanda, ICOM-un Mirasın qorunması üzrə şöbəsinin koordinatoru Elsa Urtizverea Milli Komitəyə məktub göndərərək bölgədəki hər hansı bir muzeyə ziyan dəyib-dəyməməsi ilə maraqlanıb və ehtiyac yarandığı halda dəstək göstərməyə hazır olduqlarını bildirib. Beynəlxalq Muzeylər Şurası (ICOM) isə mədəni irsin Dağlıq Qarabağ bölgəsində müharibə silahı kimi hədəfə alınmasını kəskin şəkildə pisləyən və tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağıran bəyanat yayıb”.

ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova Fəlakət Risklərinin İdarə Olunması  üzrə ICOM-un iki komitəsinin sədrlərinin və eləcə də ICOM-un Mirasın qorunması üzrə şöbəsinin rəhbərinin iştirakı ilə yaxın günlərdə keçiriləcək görüş barədə də məlumat verib. O, görüş zamanı dağıdılmış muzeylər və talan olunmuş eksponatlar haqqında çıxış edəcəyini, eyni zamanda,  bu məsələlərin beynəlxalq səviyyədə bizimlə birgə araşdırılması üçün işçi qrupun yaradılması istiqamətində müzakirələrin aparılacağını deyib.

İstixebertv.com

x