26/01/2021

İnformasiya Portalı

“Pandemiya dövründə muzeylər: Yeni normalara uyğunlaşma” mövzusunda onlayn konfrans keçirilib

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

YUNESKO-nun Almatı bürosunun təşəbbüsü ilə ResiliArt layihəsi çərçivəsində “Pandemiya dövründə muzeylər: Yeni normalara uyğunlaşma” mövzusunda onlayn konfrans keçirilib.

İstixebertv.com xəbər verir ki, konfransa Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova da qatılıb. Şirin xanım COVİD 19 pandemiyası dövründə Azərbaycan Milli Xalça Muzeyinin onlayn fəaliyyəti barədə çıxış edib. O, rəhbərlik etdiyi muzeyin çox qısa zamanda öz işini karantin dövrünün tələblərinə uyğunlaşdırdığını bildirib: “Koronavirusla əlaqədar muzeylərdə bütün kütləvi tədbirlər dayandırılanda biz “Zənginləşən xəzinəmiz” adlı sərginin açılışını ölkəmizdə ilk dəfə onlayn şəkildə keçirdik. Sərgini dünyanın müxtəlif ölkələrindən 5 min nəfərdən artıq şəxs muzeyin facebook səhifəsindən izlədi. Pandemiya dövründə sosial şəbəkələrdəki rəsmi səhifələrdə muzeyin nəşrlərini, eksponatlar haqqında maraqlı elmi məlumatları özündə əks etdirən məqalələr, kiçik mətnlər və ya video-çarxlar yerləşdirdik”.

Şirin xanım “Sənətə həsr olunmuş ömür” rubrikası çərçivəsində həyatını xalçaçılıq sənətinə həsr etmiş mütəxəssislər, xalçaçı-rəssamlar, toxucular və onların muzeyimizdə qorunan xalçaları haqqında izləyicilərin məlumatlandırıldığını, həmçinin onlayn mühazirələrin keçirildiyini bildirib. Bu müddət ərzində muzeyin zənginləşməsində rolu olan xarici xalça mütəxəssisləri, kolleksiyaçılar və onlar vasitəsilə əldə edilən eksponatların izləyiclərə təqdim olunduğunu, muzeyimizlə əməkdaşlıq edən, yeni eksponatların əldə edilməsində rolu olan xarici ekspert və kolleksiyaçılardan bəhs edildiyini və onlarla onlayn görüşlər keçirildiyini söyləyib.

O, bu dövr ərzində muzeyin reallaşdırdığı “Tanınmış şəxslərlə virtual tur”, “Xalça hekayələri”, “Qarabağın xalça xəritəsi” kimi maraqlı layihələr barədə də danışıb. Muzeyin uşaqları da diqqətdən kənarda qoymadığını, onlar üçün onlayn ustad dərsləri, nağıl saatı, tamaşalar, kölgə teatrı kimi maraqlı rubrikaların təqdim olunduğunu deyib.

Direktor Vətən müharibəsi dövründə muzeyin paylaşımlarının əsasən Qarabağın təbiəti, tarixi, etnoqrafiyası, milli-mədəni irsi olan xalçaçılıq və digər sənət sahələri, bu torpağın yetişdirdiyi məşhur şəxsiyyətlər barədə olduğunu diqqətə çatdırıb. Şirin xanım Azərbaycan Milli Xalça Muzeyinin və ICOM Azərbaycan Milli Komitəsinin Qarabağ həqiqətlərini dünyaya çatdırmaq istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib. O, Milli Komitənin təhlillərinə əsasən COVID 19 pandemiyasının ölkəmizdə fəaliyyət göstərən muzeylərə təsirindən də danışıb.

Konfransda həmçinin A.Kasteyev adına Qazaxıstan Dövlət İncəsənət Muzeyinin, Polşanın Asiya və Sakit Okean Muzeyinin, Rerixovlar Muzeyinin (Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin filialı), Qırğız Milli İncəsənət Muzeyinin nümayəndələri mövzu ətrafında çıxış ediblər.

İstixebertv.com