26/01/2021

İnformasiya Portalı

Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə həsr olunmuş festival keçirilib

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Azərbaycan Milli Xalça Muzeyi uşaqların mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə sevgi və hörmət ruhunda tərbiyəsinin əhəmiyyətini və bu işdə təhsilin rolunu nəzərə alaraq, daim yeni proqramlar hazırlayır, ustad dərsləri keçirir, müxtəlif tədris müəssisələri ilə birgə layihələr reallaşdırır.

Bu günlərdə isə Bakı Avropa Liseyi Azərbaycan Milli Xalça Muzeyi ilə birgə layihə çərçivəsində VI Azərbaycan Mədəni və Tarixi Ənənələri Festivalını keçirib. Liseyin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müxtəlif mövzularda keçirdiyi festival bu dəfə Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə həsr olunub.

Festival günlərində Bakı Avropa Liseyinin şagirdlərinin bir-birindən maraqlı ssenarilər əsasında ölkəmizin ayrı-ayrı regionlarına aid xalçalar, onların əsas xüsusiyyətləri və s. haqqında hazırladıqları video-çarxlar liseyin Facebook səhifəsində və YouTube kanalında, həmçinin muzeyin Uşaq şöbəsinin Facebook səhifəsində paylaşılıb, izləyicilər tərəfindən heyranlıqla qarşılanıb.

Festival çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri şagirdlərə “Azərbaycan xalçanı tanı, tanıtdır” mövzusunda onlayn mühazirələr də keçiblər.

Beləliklə, layihənin birinci hissəsi pandemiya səbəbindən həm müəllimlər və şagirdlər, həm də muzey mütəxəssisləri üçün yeni olan formatda – onlayn təqdimatlar şəklində reallaşdırılıb. Layihənin praktiki hissəsi isə gələcəkdə həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, dekabrın 28-də Festivalın yekununa həsr olunmuş onlayn konfrans keçiriləcək. Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Xalça Muzeyi və Bakı Avropa Liseyinin nümayəndələrinin, müxtəlif elm, mədəniyyət xadimlərinin iştirak edəcəyi konfransa qoşulmaq istəyənlər saat 12:00-da aşağıdakı linkdən keçid edə bilərlər:

Join Zoom Meeting https://us02web.zoom.us/j/9724332626?pwd=Y2RJazJLWStOaWVOakNJd2YvdzdGZz09 Meeting ID: 972 433 2626 Passcode: 919179

İstixebertv.com